Master class-ın dəyərli iştirakçıları

Master class-ın qısa xülasəsi
“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin və “Fisa Group” şirkətinin birgə təşkilatçılığı ilə Bakı «JW Marriot Absheron» Otelində «estetik kosmetologiya» ilə bağlı master class keçirilmişdir. Böyük maraqla qarşılanan seminarın spikerləri estet həkim, dermato-kosmetoloq Rəna Soltanova, həkim-kosmetoloq Fidan Mustafayeva və plastik estet cərrah Natavan Əmirova olmuşdur.
Tədbiri giriş sözü ilə açan “Laser Beauty Estetik klinika» lar şəbəkəsinin təsisçisi və Baş Həkimi Rəna Soltanova «Double babyboom” (“Əməliyyatsız temporal lift”), “Nasalobial lift” (“Nazolabial lift”) və “Yeni texnika Fresh Up” mövzularının aktuallığını vurğulayaraq tətbiq olunan müasir metodların öyrənilməsinin zəruriliyini qeyd etmişdir.

Rəna Soltanova bildirmişdir ki, “Estetika sahəsində çalışan mütəxəssislər yaxşı bilirlər ki, təbii proses hesab olunan yaşlanmanı gecikdirmək bu gün estetik kosmetologiyanın qarşısında duran vacib məsələlərdən ən başlıcasıdır. Zaman keçdikcə hüceyrələrin yaşlanması səbəbindən dəridə sallanma müşahidə olunur. Məhz «temporal lift» proseduru yaşlanma ilə əlaqədar alın nahiyəsinin sallanan toxumalarını uzatmaq üçün istifadə edilir. Sürətli reabilitasiya və qısa zamanda sosial mühitə adaptasiya isə estetik prosedurların önəmli mərhələlərindən biridir”.
Sözügedən mövzularla bağlı zəngin təcrübəsini və ən vacib məlumatları seminar iştirakçıları ilə bölüşən Rəna Soltanova onlara praktiki olaraq həmin prosedurları canlı olaraq nümayiş etdirmişdir. O, bu prosedurların hazırda estetik kosmetologiyada böyük əhəmiyyət kəsb etdiyini və hər birinə tələbat çox olduğundan estetik mütəxəssislərin yeni texnikalardan məlumatlı olmalarının vacibliyini qeyd etmişdir. «Ümid edirəm ki, master-klasda göstərdiyimiz texnikalar kosmetoloqların biliklərinin inkişafına kömək edəcəkdir”, — deyə Rəna Soltanova əlavə etmişdir.

Qeyd edək ki, master class-ın sonunda “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin rəhbəri Dr.Rəna Soltanovanın imzası ilə iştirakçılar sertifikatlarla təltif edilmişdirlər.