Dəb anlamını verən Moda sözü
Dəb anlamını verən Moda sözü – həyatın və ya mədəniyyətin müəyyən sahəsində qəbul olunmuş tərzin müvəqqəti hökmranlığıdır. Dəb anlayışı həmçinin cari dövrdə insanların bədən quruluşuna da şamil edilir. Məsələn, qədimdə dolu bədən formaları daha gözəl hesab olunurdu, XXI əsrin əvvəllərində isə incə bədənli insanlar gözəl sayılmağa başladı. Modanın tarixçəsi minlərlə il öncəyə qədər gedib çıxır. Çinlilərin ayaqlarını kiçiltmək üçün əziyyətə dözmələri, Babilli və Assuriyalı kişilərin kobud və saçaqlı geyimlər geyinmələri belə o dövrlərə görə modanın əlamətləridir.
Moda tarixi
Müasir dünyada dəbi izləyən xüsusi ixtisaslaşmış jurnallar da mövcuddur. Paris, Milan, Nyu-York və London qəbul edilmiş dəb şəhərləri sayılır. Bu şəhərlərdə dünya dəbinə ciddi təsir göstərən ən böyük dəb şirkətlərinin ofisləri yerləşir. Burada dəb həftələri adları çəkilən şəhərlərdə keçirilir,məşhur dizaynerlər öz yeni dəb kolleksiyalarını tamaşaçi auditoriyalarına nümayiş etdirirlər. Koko Şanel və İv Sen Loran kimi tanınmış dizaynerlərin uğurları Parisi, hələ də dəbin mərkəzi statusuna layiq görməyə imkan verir. Dəb sənayesi müasir dövrün məhsuludur.Baxmayaraq ki, dəb sənayesi ilk olaraq Avropa və Amerikada inkişaf etmişdi, bu gün artıq o yüksək şəkildə qloballaşmış beynəlxalq sənayedir. Bunu onunla izah etmək olar ki, artiq bu gün hər hansı bir geyim növü bir ölkədə dizayn edilir, başqa bir ölkədə istehsal olunur və dünya miqyasında satışa çıxarılır. Dəb anlayışı, hər kəs üçün fərqlidir. Kimin üçünsə dəb, sadəcə maraqdır, kimisi üçünsə zərurətdir, kimlər üçün bu sadəcə işdir, bəziləri üçünsə bunun heç bir önəmi yoxdur.