Həkim, dermatokosmetoloq Rəna Soltanovanın uğur hekayəsi

Hələ 10-cu sinifdə oxuyarkən valideynlərimə demişdim ki, mən həkim olacağam və klinikam olacaq. Anamın da “İnşallah, hər şey Allahın razılığı ilə olur” deməsi yadımdadır. Hər kəs inkişafı üçün kimlərəsə borclu olur. Uğurlarıma görə ilk növbədə Allaha, sonra da mənə dəstək olan ailəmə və özümün zəhmətsevər və iradəli olmağıma borcluyam”.

“Qafqazinfo” xəbər verir ki, bunu LBC MMC-nin və EKM İctimai Birliyinin təsisçisi, estet-həkim, dermatokosmetoloq Rəna Soltanova deyib.

“Azərbaycan Tibb Universitetində tibbi kosmetologiya ixtisası olmadığına görə xarici ölkələrə səfərlər etməyə və bu ixtisasın sirlərini öyrənməyə başladım. İlk səfərim 2009-cu ildə Moskva şəhərinə olub. Bütün yenilikləri öyrənmək üçün hər il müxtəlif ölkələrə çoxsaylı səfərlərim olurdu. Öyrəndiklərimi tələbələrimə öyrədərək öz komandamı yaratdım. Dürüst olmayan işçi mənimlə eyni komandada işləyə bilməz. Bu mənim iş prinsipimdir. Kollektivimlə qürur duyuram. Onlar mənim həyatımın bir parçasıdırlar”, — deyə dermatokosmetoloq bildirib.

R. Soltanovanın sözlərinə görə, çalışdığı klinika nəinki ölkə daxilində, artıq ölkə hüdudlarından kənarda da tanınır: “Bunun məsuliyyətini dərk edərək daha da əzmlə çalışır, ən yaxşısı olmağı bacarırıq. Klinikamıza nəinki qonşu ölkələrdən, hətta ABŞ, Kanada, Almaniya və digər ölkələrdən də pasiyentlərimiz gəlir. Ən yaxşı reklam pasiyentlərin öz gözəl nəticələrini başqalarına bildirmələridir. Keçirdiyimiz sosial sorğunun nəticəsi bunu deməyə əsas verir.

Mənim üçün ilk olaraq işçinin insanlığı önəmlidir. Tələbələrimə peşəmin bütün sirlərini öyrədirəm, bu müddət ərzində insan kimi tanıyıram və prinsiplərimə uyğun olduğu halda işə götürürəm. Biz insanlara xidmət edirik. Hər kəs diqqətə, hörmətə layiqdir. Kobud, etinasız münasibət yolverilməzdir.

Sevgi vacibdir. İşini sevməsən, uğur qazana bilməzsən. Həyatımda olan insanları, pasiyentlərimi sevirəm, onları gülərüz görəndə çox sevinirəm. Ən kədərli günüm sevdiklərimi kədərli gördüyüm vaxtdır. Məncə, sevməkdən və sevindirməkdən gözəl hiss yoxdur. İnsanları səmimi qəlbdən sevmək və hörmətlə yanaşmaq lazımdır. Qeyri-səmimiliyi insanlar çox asanlıqla hiss edirlər və qarşılıq ala bilmirlər. İnsan kimisə xoşbəxt edə biləndə özü də xoşbəxt olur. İnsanı sevdirən xüsusiyyətlər mehribanlıq, dürüstlük və xeyirxahlıqdır. Məncə, bu xüsusiyyətlər də uğurun açarlarındandır.

“Mən dollar deyiləm ki, hamı məni sevsin” fikrini kim deyibsə, çox gözəl deyib. Sevənləri Allah da sevsin. Kiminsə haqqına girmirəm, əsas odur. Sevməyənlərə heç bir sözüm yoxdur.

İnsandan nankorluq görəndə təsirlənirəm. Edilən pisliyin əvəzini qaytarmağa lüzum bilmirəm. Əvəzi onsuz da qayıdır, buna vaxt ayırmaq itkidən (zaman, pul, əsəb) başqa bir şey deyil”.

“Həmişə kinsiz olmağımdan, tez bağışlamağımdan narazı olmuşam. İllər keçdikcə bunun yaxşı cəhət olduğunu dərk etdim və düşüncələrimi dəyişməyə başladım. Rəbbimdən çox razıyam, insanın əməyinə qiymət verən insanlardan da razıyam, lovğa və simic insanlardan narazıyam.

Səxavətli insan azdan da verməyi bacaran insandır, çoxdan verməyə nə var ki… Xəsislik isə, məncə, rəzillikdir, xəstəlikdir, müalicəsi yoxdur.

İnsanın həyatında hər nə olursa, onun xeyrinə olur. Əvvəl düşünürsən ki, bu, mənim başıma niyə gəldi. Hər kəsi özünün istədiyin kimi görmək istəyirsən. Sonra başa düşürsən ki, hər kəs fərqlidir. Əgər fikri ilə razılaşmırsansa, deməlisən ki, bu sənin düşüncəndir və mənə heç bir aidiyyəti olmadığına görə qəbul etmirəm. Vəssalam. Kimsə düşünürsə ki, “qatıq qaradır”, onunla mübahisə etməyin nə faydası var? Zaman itkisi, əsəbdən başqa heç nə qazanmayacaqsan. Yetər ki, bunu başa düşəsən.

Həyatdan aldığım ilk dərs bu olub: Həyat mübarizədir, mübariz əzmində olan qalib gəlir. Heç bir çətinlik insanın qarşısında maneə ola bilməz. Yetər ki, ürəkdən istəyəsən, inanasan və ümidlə yaşayasan. Hər bir çətinlikdən həyat dərsi alırıq. Çətinlikdə də, sıxıntıda da, nəsə alınmayanda da yaradana şükür etməliyik. Bizi özümüzdən yaxşı tanıyan Allah hər şeyi bizim yalnız xeyrimizə edir. Bizə pislik görünə bilən hər bir şeydə xeyir olduğunu nə vaxtsa, anlayırıq. Elə şeylər var ki, həyat təcrübəsi qazanaraq başa düşürsən və “indiki ağlım o vaxt olsaydı, bunu başqa cür edərdim” deyirsən. Amma görünür, nə olursa, o bizim qismətimizdir və biz onu yaşamalıyıq. Səhvsiz insan yoxdur. Yetər ki, səhvini dərk edəsən. Hər kəs imkan olsa, keçmişə qayıdıb nələrisə daha gözəl şəkildə etmək istəyər. İtki pis şeydir, üzücüdür, amma ən pisi zaman itkisidir, qayıtması mümkün deyil. Uşaqlarımıza bunu aşılaya bilsək, inqilab etmiş olarıq”.

R. Sultanova həyatda  hər zaman birinci olmağa can atdığını bildirib: “Təhsil aldığım dövrdə 1-ci olmağa can atmışam, elə indi də öz işimdə mükəmməl olmağa çalışıram, amma nə vaxtım, nə də marağım olmayıb öz işimdən başqa kiminləsə maraqlanım. Mənim fikrim yalnız komandamın qazandığı yüksək imici qoruyub saxlamaq və daima məsləyimiz, əqidəmizlə zirvədə olmaqdır… İşimdən zövq aldığım üçün yorulmuram, gözəl nəticələr mənə yeni enerji və həvəs bəxş edir.

Hər qapının öz açarı olduğu kimi, uğurun da öz açarı var. Yetər ki, ən doğrunu ən lazımlı məqamda edəsən. Ən əsası da səbir və şükür etməyi bacarmalısan. Mənim fikrimcə, səbr etmək hər uğurun əsas açarıdır.

Müasir kosmetologiya sahəsində uğurları, uğursuzluqları, problemləri və inkişaf perspektivləri rəhbəri olduğum EKM ictimai birliyinin çoxşaxəli fəaliyyət istiqamətlərini əks etdirir. Qarşıda görəcəyimiz çox işlər var, bu işlərdə bizə dəstək üçün könüllülərə ehtiyacımız var. Əslində onların da bizim dəstəyimizə ehtiyacları var; öyrənmək, rəhbərlikdən karyeraları üçün müsbət xasiyyətnamə almaq, lazımlıq kompleksindən azad olmaq və s. məqsədlərlə ictimai işlərə baş vurmaları məqsədəuyğundur.

Dəmirin parlaması üçün onu işlətmək lazımdırsa, istedadın da parlaması üçün çox böyük əmək sərf etmək gərəkdir. Mənim “Şans, yoxsa iradə?” kitabımı oxuyanlar bunun ən qısa yolu haqqında geniş məlumat əldə edə bilərlər.

“Əziz, gənclər! Tövsiyəm budur ki, hər bir halda ədalətli olun, məsələ, hətta ən yaxın olan insanlarla bağlı olsa da. Allah da ədalətliləri sevir. Tez nəticə çıxarmayın. Bəzən gördüklərimiz belə yanlış düşüncəyə səbəb ola bilər. Neqativ düşüncələrlə həyatınızı qəlizləşdirməyin.

Dürüstlük ən gözəl keyfiyyətdir. Ataların bir misalını təhrif edərək “Düz düzdə qalar” kimi deyirlər. Amma oxumuşam ki, əslində atalar belə deyib: “Düz düz də qalar”. Həyat göstərir ki, “Ən gözəl biclik — düzlükdür”.

Sözlər düşüncənin məhsuludur. Düşüncəmizə diqqət etsək, sözlərimiz alçaldan yox, ucaldan olar”, — dermatokosmetoloq əlavə edib.

Related articles

Daxili və Xarici Gözəlliyin Balansı: Tam Gözəlliyə Aparan Yol

Daxili və xarici gözəlliyin balansı insanın həm fiziki, həm...

Sağlam Dəridən Kənar: Bütöv Gözəllik Üçün Səhiyyə Məsləhətləri

Gözəllik yalnız xarici görünüşlə məhdudlaşmır. Həqiqi və davamlı gözəllik...

Gözəllik Trendləri: 2025-ci İlin Ən Populyar Yanaşmaları

Hər il gözəllik sahəsində yeni trendlər yaranır, texnologiya və...

Dəriyə Qulluqda Texnologiyanın Yeri: Ağıllı Qacetlər və Onların Faydaları

Müasir texnologiyalar dəriyə qulluq sahəsində inqilab edir. Gündəlik qayğı...

Dolğulardan Kənar Estetik Alternativlər: Təbii Gözəlliyin Qorunması

Dolğu prosedurları müasir estetik kosmetologiyada geniş istifadə olunsa da,...