Şəhid və qazi ailələri üçün yeni iş imkanları yaradılır

“Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyinin sədri Rəna Soltanova yeni layihə həyata keçirir. Tam təmannasız nəzərdə tutulan layihə çərçivəsində qazi, şəhid ailələri və sağlamlıq imkanları məhdud qadınlar kosmetologiyanın bütün dərinliklərini öyrənərək yeni peşəyə sahib olmaq imkanları qazanacaqlar.

Bu münasibətlə Rəna Soltanova müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

– Həyata keçirdiyiniz layihə barəsində məlumat verərdiniz.

– Bizim QHT “Estetik Kosmetologiya Mütəxəssisləri” İctimai Birliyi adlanır. Üç ildir fəaliyyətə başlayıb. Layihəmiz isə iki həftədir başlayıb. Biz bu layihəni çoxdan fikirləşirdik, bu il həyata keçirmək qismət oldu. Layihənin məqsədi qadınların öz ayaqları üzərində dayanmağıdır. 10 ildir klinika açmışam. Bu müddətdə bir çox qadına dəstək olmuşam, amma bu, heç vaxt layihə şəklində olmayıb. Yəni, sırf qazi, şəhid ailələri üçün olmayıb. Yanımda öyrətmişəm xanımlara. Qalan qalıb, yanımda işləyib, gedən də başqa yerdə işini davam etdirib. Qərara gəldik ki, xanımlara tam təmənnasız praktik dərslər keçək. 13 qadından ibarət olan qrupumuzun içərisində 2 həkim var. Digərlərinin peşəsi həkim deyil. Onlar kosmetologiyanın digər növlərini öyrənəcəklər.

– Bu proqram ödənişsizdirmi?

– Bəli, tamamilə ödənişsizdir.

– Bu şəxslər daha sonra işlə təmin olunacaqlarmı?

– Kömək edəcəyəm. Tanışlarım da var, bu işdə onların da dəstəyini görəcəyəm. Ümumiyyətlə, savadlı kadrlara həmişə ehtiyac var. Mən yardım etməsəm də onlar iş tapacaqlar. Amma əvvəldən özümə söz vermişəm ki, xanımlarımıza iş tapmalarında yardımçı olacağam.

– Bu layihə nə qədər davam edəcək?

– Layihə 2,5 ay davam edəcək. Bu müddət ərzində qadınlarımız kosmetologiyanın həm də praktikada öyrənəcəklər.

– Dərslər hansı saat aralığında keçirilir?

– Dərslərimiz həftədə 2 dəfə bu klinikada saat 11-dən – 17:00-a qədər keçirilir. Xanımlar kosmetologiyanın nəzəriyyə və praktikasını öyrənirlər.

– Xanımlar praktikadan razıdırlar?

– Əlbəttə, çox razı qalırlar. Bizə yüz dəfə təşəkkür edirlər. Nə sual verirlərsə, cavablandırırıq. Həmçinin nə ehtiyacları olsa, əlimizdən gəldiyi qədər kömək oluruq.

– Maraqlıdır, bu ideya ağlınıza haradan gəldi?

– Hər zaman ehtiyacı olan insanları yanımda görmək istəmişəm. Hər kəs dövlətə xidmət etməlidir. Bu layihə də Vətənə xidmətdir. Bacardığım qədər xanımlara kömək etməyə çalışıram. Güclü qadınları görmək məni xoşbəxt edir. Mənə görə, qadınlar nə qədər güclü olarsa, dövlət də bir o qədər güclü olar.

– Bu layihədən sonra planlarınız nədir?

– Davamlı olaraq bu layihəni həyata keçirmək bir az çətin olar. Təqribi 10 müəllim dərs keçir. Zaman, otaq ayrılır. Dərslər keçirilir. Dərsdə istifadə edilən kosmetik ləvazimatlar bizim klinika tərəfindən qarşılanır. Ona görə də fasiləsiz etmək çətin olar. Məsələn, ildə 1 ya 2 dəfə etmək olar.

– Allah yolunuzu açıq etsin.

– Çox sağ olun.

Related articles

“2024 Seni Cup” Azərbaycan Çempionatı

13 dekabr 2024-cü il tarixində Sərhədçi İdman Olimpiya Mərkəzində...

Dolğu və Təbiət: Minimal Müdaxilə ilə Maksimum Təbii Nəticə

Müasir dövrdə estetik prosedurlara yanaşma ciddi şəkildə dəyişib. İnsanlar...

Sağlam Dərinin Sirri: Dərinin Bioloji Saatını Necə Yavaşlatmaq Olar?

Hamımız bilir ki, zaman keçdikcə dəri dəyişikliklərə məruz qalır:...

Dərinin Psixologiyası: Hisslərimizin Dəriyə Necə Təsir Etməsi

Dərimiz yalnız bədənimizin qoruyucu təbəqəsi deyil, həm də psixoloji...

Rəna Soltanovanın ikinci kitabı gəlir

Tanınmış dermatoloq, kosmetoloq, “Laser Beauty” klinikalarının, “Estetik Kosmetologiya Mütəxəssisləri”...